Zaqatalada meşə yanıb
Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib. APA TV-nin məlumatına görə, avqustun 9-u saat 17:00 radələrində Zaqatala Dövlət Təbiəti Qoruğunun Balakən rayonu ərazisindən keçən hissəsində, Balakən çayının sol sahilində dağlıq meşə ərazinin 4 saylı dolayında naməlum səbəbdən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti, FHN-nin Zaqatala və Qax rayonlarının DYMH-dən hər birindən bir yanğınsöndürən maşın və şəxsi heyət və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Axşam saat 21:00 radələrinə qoruq ərazisində baş verən yanğın lokallaşıb. Hadisə nəticəsində qoruq ərazisində 6 hektara yaxın sahədə meşə örtüyü və kol-kos yanıb. İri gövdəli ağacların yanmasının qarşısı alınıb. Yanğının tam söndürülməsi səhər saat 6 radələrində baş tutub.