Gənc sərhədçilər Vətənə sədaqət andı içdilər

Avqustun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən Təlim-Tədris Mərkəzində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, DSX rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi general-mayor Azad Ələkbərov tədbiri giriş sözü ilə açaraq  gənc əsgərləri sərhəd qoşunlarının sıralarına daxil olmaları münasibəti ilə təbrik edib. Gənc sərhədçilərin Vətən qarşısındakı xidməti vəzifə borclarının öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu bildirən Azad Ələkbərov  onlara sərhəddə mətin dayanmalarını və hərbi sirlərə mükəmməl yiyələnmələrini tövsiyyə edib. Hərbi hissənin komandiri Mehman Yusifov DSX-nin rəisi general-leytenant Elçin Quliyevin gənc əsgərlərə ünvanladığı təbrik məkubunun mətnini oxuyub. Daha sonra hərbi hissə komandiri gənc əsgərlərin hərbi anda gətirilməsi komandasını verib. Hərbi anda gətirilən əsgərlər hərbi andı qəbul edərək Vətənə sədaqət andı içiblər. Mərasim gənc sərhədçilərin təntənəli marşın sədaları altında tribunanın önündən keçmələri ilə başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv