Türkiyənin yeni prezidenti Ərdoğan oldu
Türkiyədə keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. APA TV-nin xəbərinə görə, Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə seçilən 12-ci prezident Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan olub. O, seçilərin 51.95 faizinin səsini toplayıb. Ərdoğan qələbəsi münasibətilə məşhur "balkon çıxışı"nı edib. O, Türkiyə xalqına ona göstərdiyi etimada görə təşəkkür edib. O bildirib ki, ona səs verənlər kimi səs verməyənlər də qazanıb: STAT:“Bu gün 77 milyon, 81 vilayət qazanıb. Bu gün yeni, böyük, öncül Türkiyə qazanıb”. Ərdoğan deyib ki, türk milləti sadəcə Türkiyə Böyük Millət Məclisini, höküməti deyil, həm də prezidenti təyin edən gücü əlinə keçirib. Ərdoğan bildirib ki, o, yalnız ona səs verənlərin deyil, 77 milyonluq Türkiyənin prezidenti olacaq: “Bu gün itirən yalnız kirli siyasət və siyasətdən kənar güclər oldu, onlar ibrətlik dərs aldılar”.
Ərdoğan müxlaifətin bu gündən etibarən öz siyasətinə yenidən baxacağına inandığını bildirib: “Yeni Türkiyə ilə uzlaşan bir müxalifət və siyasət tərzinin inşa ediləcəyinə inanıram”.
Ərdoğan ona səs verməyənlərə və müxaliflərinə də səslənib: “Bu gün yeni bir toplumsal uzlaşma mərhələsini birlikdə başlayaq. Köhnə müzakirələri köhnə Türkiyədə qoyaq”.
Ərdoğan ölkəsindəki etnik xalqlara və fərqli düşüncə sahiblərinə də birlik mesajı verib: "Hamımız eyni əcdadın, eyni mədəniyyətin və tarixin övladlarıyıq. Siyasi görüşlərimiz, yaşam tərzimiz, məzhəblərimz, dəyərlərimiz, etnik kökümüz və dillərimiz fərqli ola bilər, amma hamımız bu ölkənin övladlarıyıq, ay-ulduzlu bayrağın kölgəsi altındayıq, bu dövlətin sahibləriyik”.
Qeyd edək ki, Türkiyədə ilk dəfə prezident ümumxalq səsverməsi ilə seçilir. Seçkilərdə namizəd kimi Rəcəb Tayyip Ərdoğan, Əkmələddin İhsanoğlu və Səlahəddin Demirtaş iştirak ediblər.