Sergey Lavrov: "Razılaşdırılmayan məsələlər çox deyil...”
"Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına qoşulmasına mane olmayacaq”.
APA-nın xəbərinə görə, bunu Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ermənistan Gömrük İttifaqına Ermənistan kimi daxil olur, Dağlıq Qarabağın bu məsələyə hər hansı aidiyyəti yoxdur və bunu Ermənistan prezidenti də dəfələrlə söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək.
Görüşün faydalı olduğunu bildirən Lavrov deyib ki, prezidentlər həmsədr ölkələrin təqdim etdiyi prinsiplərə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Bu prinsiplərin əsasında məsələnin yalnız sülh yolu ilə həll olunması, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət dayanır.
S. Lavrov qeyd edib ki, görüşdə ATƏT-in və təmas qrupunun qərarlarının həyata keçirilməsinin vacibliyi müzakirə olunub. Xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər.
S. Lavrovun sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir: “Necə deyərlər, şeytan detallarda gizlənir və ən mürəkkəb məsələlər hələ həllini tapmayıb”.