Şeyxülislam erməni katolikosuna cavab verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginin son günlər cəbhə bölgəsində baş verən gərginliklə bağlı müraciətinə cavab verib.

APA-nln xəbərinə görə, cavab müraciətində deyilir:

 

“Biz Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı sizin məktubunuzla tanış olduq. Hərbçilərin ölümünə və sərhədyanı ərazilərdə yaşayan insanların dinc həyatının pozulmasına gətirib çıxaran bu gərgin vəziyyətdən narahatlığınızı tam bölüşürük. Lakin təəssüflə diqqətinizə çatdırmaq istəyirik ki, sizin dediyiniz bütün bu atışmalar və təxribatlar Azərbaycan ərazilərində baş verir. Ermənistan qoşunlarının atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərləri və bizim dinc sakinlərimiz həlak olur və ağır yaralanırlar. Ürək ağrısı ilə sizə xəbər veririk ki, son günlərdə erməni hərbçiləri Azərbaycanın sərhəd kəndlərində 3 uşağı ağır yaralayıblar. Əlbəttə ki, Tanrı tərəfindən bəxş olunan insan həyatına qəsd etmək böyük günahdır. Ona görə də, nəinki bu tip təxribatlara, ümumiyyətlə, uzun sürən müharibəyə və ərazi münaqişəsinə son qoymaq lazımdır. Bizim xalqımız birmənalı şəkildə sülhün, mehriban qonşuluq münasibətlərinin eləcə də beynəlxalq hüququn bütün bölgədə bərpa olunmasına tərəfdardır. Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Azərbaycan xalqı artıq 20 ildən çoxdur təmkin və hövsələ nümayiş etdirərək Qarabağ probleminin həllini gözləyir. Təəssüf ki, Azərbaycan dövlətinin sülhməramlı çağırışları hələ də Ermənistan tərəfindən eşidilməyib”.    

Müəllif | Apa.Tv
Apa.tv