Ağsuda avtomobil 100 metr hündürlükdən dərəyə aşdı: 1 ölü, 3 yaralı
Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 08:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb.
Balakən rayon sakini, 1954-cü il təvəllüdlü Hüseynov Cavad İdris oğlu “Hyundai SantaFe” markalı minik maşında idarəetməni itirib və avtomobil yoldan çıxaraq, 100 metr dərinliyi olan dərəyə aşıb. Nəticədə maşın tanınmaz hala düşüb və sürücü Cavad Hüseynov aldığı xəsarətdən ölüb.
Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1973-cü il təvəllüdlü Quliyev Qəhrəman Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sürücü Cavad Hüseynov və sərnişin Qəhrəman Quliyevin həyat yoldaşları isə yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Məlumata görə, hadisə dağlıq ərazidən keçən yolun aşırımlı hissəsində olub. İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb və maşın döngədə yoldan çıxaraq, dərəyə yuvarlanıb.
Qeyd edək ki, Cavad Hüseynov Balakən rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun rayonda bir neçə mağazanın sahibi olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.