Luqanskda separatçıların öldürdüyü azərbaycanlı diaspor rəhbərinin meyiti tapılıb

İyulun 30-da Ukraynanın Luqansk vilayətində separatçılar tərəfindən öldürülən iş adamı Telman Cəfərovun meyiti uzun axtarışdan sonra tapılaraq Azərbaycana gətirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, diaspor rəhbərinin meyiti onun qardaşları tərəfindən tapılaraq, iki gün əvvəl Rusiya ərazisi vasitəsilə Azərbaycana göndərilib. Asim Osmanov xatırladıb ki, öldürüldükdən sonra separatçıların nəzarətində olan ərazidə qaldığı ehtimal olunan, uzun müddət tapılmayan Telman Cəfərovun meyitinin aşkarlanması üçün səfirlik Ukrayna Xarici İşlər Nazirliyi və güc strukturları ilə yanaşı, beynəlxalq təşkilatların Kiyevdəki nümayəndəliklərinə də müraciət etmişdi. Telman Cəfərovun meyiti yanmış formada tapılıb. O, öldürüldükdən sonra avtomobili qarışıq yandırılıbmış.

 

Telman Cəfərovun qardaşı oğlu Rahat Cəfərov isə APA-ya bildirib ki, tanınmaz hala düşən meyit Bakıda ekspertizaya verilib və onun Telman Cəfərov olduğuna tam əmin olunduqdan sonra Bakıda dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv