Masallı meşələrində 30 hektar ərazi yanıb
Avqustun 10-da günün ikinci yarısından Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında baş verən yanğın davam edir. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yerinə yanğınsöndürən maşınların çıxması mümkümsüz olduğundan, bu işə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və yerli qurumların 300-ə yaxın canlı qüvvəsi, ağır texnikası və həmçinin 2 helikopter cəlb olunub. Onların birgə səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınsa da, hava küləkli olduğundan ərazidə yanğın təhlükəsi hələ də sovuşmayıb.
Məlumata görə, yanğın nəticəsində təqribən 30 hektar ərazidə ağac və kol örtüyünə ziyan dəyib.