Bakıda qəribə sərgi: ruhi xəstələrin əl işləri nümayiş olunur

"Bu rəsm əsərlərinə sıradan bir rəsm əsərləri kimi baxıb keçməyin. Çünki onu yaradanlar özləri fərqli insanlardır. Psixi xəstəlikdən əziyyət çəkmələrinə baxmayaraq, onlar öz istedadlarını kağız üzərinə köçürə biliblər".

 

Laura Qasımova onlarla psixi pozuntudan əziyyət çəkən insandan biridir. Uzun müddətdir, xəstəxanada müalicə alır. Bu xəstəlik 2009-cu ildə onun öz bacısını qətlə yetirməsi ilə nəticələnib. Hazırda Maştağada müalicə alan Laura rəsim çəkməyə bir neçə aydır, başlayıb. Ancaq tez bir zamanda bir-birindən maraqlı əsərlər yarada bilib.

 

Atası Bahadır Qasımov APA TV-yə deyib ki, cəmi 4 aydır, başlayıb: "Həkimi dedi ki, bacarırır. Fırça, rəng gətirim. Gətirdim, həm də bir az göstərdim ona. Bunların hamsını o, çəkib. Mən də hərdən bir gəlib göstərirdim, belə et, belə çək. Yavaş-yavaş ortalığa 10-15 şəkil çıxartdı".

 

Atası deyir ki, Laura Memarlıq və inşaat Universitetində təhsil alıb. O, indi qızının istənilən şəxsin portretini yaratmaq istedadına malik olduğunu deyir. Laura da işini çox sevdiyini deyir.

Psixi pozuntudan əziyyət çəkən insanların əsərlərindən ibarət sərgi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya şöbəsinin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə ilə keçirilib.

Sərgidə xəstələrin 50-ə yaxın rəsm əsəri və müxtəlif əl işləri nümayiş etdirilib.

 

 

Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, bəzən cəmiyyət ruhi xəstə insanları düzgün qəbul etmir. Onun sözlərinə, bu cür bacarıqlı insanları cəmiyyətə çıxarmaq lazımdır.

 

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov deyib ki, artıq 3 ildir, xəstəxanada xəstələrin reabilitasiya prosesi gedir. Onun sözlərinə görə, sərgi xəstələrin əl işlərinin xəstəxanadan kənara çıxarılması və onların cəmiyyətə adaptasiyası üçün çox mühümdür.

İçərişəhərdə Müasir Muzey İncəsənət Mərkəzində keçirilən sərgi davam edir.

 

Müəllif | Apa.Tv