Masallıda bazarda güclü yanğın olub
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun veridiyi məlumata görə, yanğın bu gün səhər saatlarında şəhər sakini, 65 yaşlı Vasif Ağababa oğlu Kazımova məxsus şəhərin Dadva məhəlləsində yerləşən inşaat materialları satışı bazarında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində güclü alovun əhatə dairəsinin genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 1800 kv.m olan bazarın içərisində olan plitə qurutma sexi 144 kv. m sahədə yanaraq yararsız vəziyyətə düşüb. Hadisənin başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.