Gəncədə yaşlı qadını yandıraraq öldürən iki nəfər həbs olunub

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bu il fevralda Gəncə şəhərində xüsusi amansızlıqla törədilmiş qətlin açılması təmin edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə bildirilib ki, fevralın 20-də Gəncə şəhər sakini Maral İsmayılzadənin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən onlar tutulub.

 

Müəyyən edilib ki, Arzu Quliyev və Yusif Əliyev özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb şəhərdə imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəlib, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər.

 

Maral İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyiblər. Törətdikləri cinayətin izlərini gizlətmək məqsədi ilə onlar ev sahibəsinin üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər. 

 

İstintaq zamanı o da müəyyən edilib ki, Arzu Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolu aşkarlanıb.

 

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv