Ölümcül virusun əlamətləri və bu xəstələikdən qorunmanın yolları - MÜTƏXƏSSİS RƏYİ

"Azərbaycanda insanların "Ebola virusu"na yoluxması təhlükəsi yüksək deyil".

 

Bunu APA TV-yə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. Onun sözlərinə görə, bu xəstəliyin Azərbaycan üçün təhlükəli olmamasının əsas səbəbi həmin xəstəliyin daşıyıcısının və xəstəliyin yayılması üçün lazım olan mühitin ölkədə olmamasıdır. Eyni zamanda virusun yayılmasında iqlim də rol oynadığından "Ebola virusu"na yoluxma əsasən, Afrika ölkələrində qeydə alınır. Digər ölkələrə isə bu yalnız "gətirilmə" yolu ilə gəlir, yəni kim isə orda xəstələnib hansısa ölkəyə gedir. Amma "Ebola virusu"na yoluxanlar tez öldüyündən həmin şəxslər də getdikləri ölkədə kimisə yoluxdura bilmirlər və belə bir hal hələ qeydə alınmayıb: "Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Xəstəlik əsasən xəstə heyvanların bioloji mayeləri ilə insana keçir. Eyni zamanda insandan insana da keçmə halları geniş müşahidə edilir".

 

Rita İsmayılova deyib ki, sözügedən xəstəliyin bir insandan digərinə keçməməsi üçün fərdi gigiyenik mühafizə qaydalarına əməl olunmalıdır. Bununla yanaşı, Səhiyyə Nazirliyi artıq xəstəliyin qarşısının alınmasına tam hazırdır: "Xəstəlik ölkəmizə gəlib çatarsa, bunun üçün Ağciyər İnstitutunda əks təzyiqli palatalar ayrılıb. Burada bütün lazım olan tibbi avadanlıq, geyimlər simptomatik müalicə aparmaq üçün preparatlar yerləşdirilib".  

 

Virusun heyvanlardan insanlara keçməsi ehtimalı da var. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyr ki, hazırda ölkədə heyvanlar arasında bu virusa yoluxma halları müşahidə edilməyib: "Ölkəyə gətirilən bütün heyvanlar sərhəd keçid məntəqəsində yoxlanılır. Bununla yanaşı, xarici ölkələrdən alınan bütün heyvanların  müqavilə əsasında alqı-satqısı aparılır və Baytarlıq Xidməti bütün bu işlərə ciddi nəzarət edir. Qeyd edim ki, xəstəlik yayılan ölkələrdən Azərbaycana hər hansı quş  və ya heyvan mənşəli məhsullar idxal edilmir".

 

 

Sentyabrın 23-də Azərbaycandan Həcc səfərləri başlayacağı səbəbindən təhlükəli "Ebola" virusu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən zəvvarlara xəbərdarlıq edib. İdarədən bildirilir ki, Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara dünyada yayılan bir sıra viruslar, o cümlədən “Ebola” xəstəliyi ilə bağlı xəbərdarlıq edilir və təlimatlar verilir. Təlimatlarda virusların yayıldığı regionlardan gələn insanlarla ünsiyyətə girməmək, yalnız öz şəxsi ləvazimatlarından və insanların sıx olduğu yerlərdə paylanacaq tibbi maskalardan istifadə etmək tövsiyə olunur.

 

Qeyd edək ki, Afrikanın qərbində yayılan "Ebola virusu"ndan indiyədək xeyli insan dünyasını dəyişib. Türkiyədə virusa yoluxma qeydə alınıb. İstanbul  Atatürk Hava Limanında Nigeriya vətəndaşı olan bir turistdə virus aşkar edilib. Ümumilikdə isə Qərbi Afrikada "Ebola" virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.

 

 

Müəllif | Apa.Tv