Prezidentlərin Soçi görüşünün təfərrüatları açıqlandı
"Təəssüf edirik ki, Serj Sarkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır".
Bunu Azərtac-a prezidentlərin Soçi görüşünü şərh edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Sarkisyanın bu hərəkəti Azərbaycan tərəfini də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələrinin ələ keçirdiyi kəlbəcərli iki girovun məsələsini qaldırıb. Girovlardan biri Rusiya vətəndaşıdır, Azərbaycan prezidenti onun ailəsinin müraciətini Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb.
Bundan başqa, Azərbaycan prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib.
Sarkisyan azərbaycanlıları “Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə” günahlandırıb. Prezident İlham Əliyev isə cavabında xatırladıb ki, Mübariz İbrahimov təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürüb, özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərib və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb.