Bakıda Məktəb-Lisey Kompleksi əsaslı təmir olunub
Prezident İlham Əliyev avqustun 13-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, Məktəb-Lisey Kompleksi istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə tanış olub.