Əmircanın Xalid adlı canlı işıqforu – XÜSUSİ REPORTAJ
Onu hər kəs canlı işıqfor kimi tanıyır, demək olar ki, öz adı unudulub. 17 ildir Suraxanı rayonu Əmircan qəsəbəsində piyadalara yol göstərən canlı işıqfor Xalid Musayev hər gün bu yolda yüzlərlə insanın həyatını xilas edir. Deyir, vaxtı ilə bu yolda bir ay ərzində 17 nəfər avtomobil qəzasının qurbanı olub. Yol kənarında dayanaraq, işıqforluq etmək ideyasının maraqlı tarixçəsi var.
“1997-ci il noyabrın 7-də buradan keçirdim, gördüm iki qız uşağı ağlayır, yolu keçə bilmirlər. Onları keçirdim. Həmin uşaqlardan biri mənə ad qoydu - canlı işıqfor. Sonra düşündüm ki, mən burada dayanım, uşaqlara kömək edim. Qarşıma məqsəd qoydum və bu işə başladım”.
Səhər saat 7-dən axsam 19-s kimi fəaliyyət göstərən canlı işıqfor gün ərzində 130-150 sakini bu yoldan keçirir. Ən başlıcası isə o öz işini sevə-sevə gördüyünü deyir.
“İlk başlayanda çox çətin oldu. Sürücülər yol qaydalarına tabe olmurdular. Bununla yanaşı burada nişan da yox idi, hətta rəng də yox idi ki, buranı rəngləyək. Sonra rayon icra hakimiyyəti kömək etdi. DİN-dən kömək gəldi. Əvvəlcə piyada nişanı vuruldu, sonra yollar rəngləndi. Həmin vaxt mən adi geyimdə dayanırdım. 2009-da Baş Dövlət Yol Polisinin siqnal idarəsi tərəfindən geyim verildi. O zamandan artıq burada geyimlə işləyirəm”.
Xalid Musayev deyir ki, canlı işıqfor olmaqla bərabər burada qəsəbənin azyaşlılarına müəllimlik də edir. Şənbə günləri dərsə gələn uşaqlar əvvəlcə yol hərəkəti qaydalarını öyrənir, daha sonra öyrəndiklərini dostlarına, ailə üzvlərinə öyrədirlər.
“Hazırda bizim dərslərə 20-25 uşaq qatılır. Onlar burada yol hərəkəti qaydalarını öyrənirlər. Lakin dərs keçdiyimiz yer darısqal olduğu üçün çox uşaq qəbul edə bilmirəm. Hərdən valideynlər deyir ki, aylıq nə qədər pul ödəyək? Deyirəm ki, mən təmənna ilə dərs keçmirəm. Hansısa bir qurum, təşkilatla görüşəndə bir dəftər qələm gətirib uşaqlara paylayıram, onların sevinməyi elə mənim sevinməyimdir”.
Hər halda görülən iş xeyriyyə məqsədi daşıyır. Canlı işıqforun dili ilə desək "Sürücülər ehtiyatlı olun, qarşınıza öz övladınız çıxa bilər"