General-leytenant Kərəm Vəliyev: "Əmin ola bilərsiniz ki, şəhidlərimizin qanı yerdə qalmayıb”

Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olmuş hərbçilər Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyev Azərbaycan prezidentinin sərəncamı ilə ölümündən sonra medalla təltif edilib. Hərbiçilərin təltif olunduğu medallar Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində onların yaxınlarına təqdim olunub. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, təltif olunan hərbi qulluqçular döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olublar. Kərim Vəliyev şəhidlərin valideynlərinə və yaxınlarına müdafiə nazirinin başsağlığını çatdırıb.

"Əmin ola bilərsiniz ki, şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayıb. Bundan sonra da əvəzi birə on ödənəcək. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında düşmənin üzərində tam qələbə çalmağa hazırdır və ona qadirdir".

Daha sonra müdafiə nazirinin müavini şəhid olmuş hərbçilərin təltif olunduğu medalları onların yaxınlarına təqdim edib.

Şəhid İlqar Verdiyevin atası Tapdıq Verdiyev şəhidlərin qəhrəmanlıqlarını dəyərləndirdiyi üçün prezident İlham Əliyevə və müdafiə nazirinə minnətdarlığını bildirib:

"Şəhidlər heç zaman unudulmur və yaddan çıxmır. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad edilsin və bayrağımız əsgərlərimizin uğrunda savaşıb şəhid olduğu o torpaqlarda dalğalansın".

Şəhid Ceyhun Orucəliyevin atası Pirəli Orucəliyev oğlunun Vətən yolunda şəhid olduğunu və buna görə qürur duyduğunu deyib:

"Bu Vətən hamımızındır. Mən fəxr edirəm ki oğlum Vətən yolunda şəhid olub. Gün o gün olsun ki, torpaqlarımız azad olunsun, o torpaqlarımızda Azərbaycanın bayrağını ucaldaq. Ali Baş Komandana və müdafiə nazirinə minnətdaram ki oğluma layiq olduğu qiyməti verdilər".

Qeyd edək ki, prezidentin sərəncamı ilə şəhid Fikrət Məmmədov "İgidliyə görə" medalı, şəhid İlqar Verdiyev «Hərbi xidmətlərə görə» medalı, şəhid Elnur Cəfərov "Hərbi xidmətlərə görə" medalı və şəhid Ceyhun Orucəliyev isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunublar.

 

Müəllif | Apa.Tv