Kürdəmirdə yanğın bir ailəni evsiz qoydu

Kürdəmir rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Kürdəmir şəhərinin Aşıq Əhməd küçəsindəki 14 saylı evdə qeydə alınıb. Şəhər sakini, 1968-ci il təvəllüdlü Səfərov İlham Qabil oğluna məxsus ümumi sahəsi 150 kv. metr olan 4 otaqlı mənzildə baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Ev sahibi hadisə barədə rayon yanğından mühafizə hissəsinə gec məlumat verdiyi üçün yanğınsöndürənlər hadisə yerinə gec gəliblər. Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov