Kərküklü jurnalist: “İraqda şiə türkmənləri məqsədli şəkildə Kərbəla və Nəcəfə köçürürlər”
Mosulda, Telaferdə yaşayan şiə türkmən və ərəblərin hamısı cənuba - Kərbəla və Nəcəfə köçürülür. Bu sözləri APA TV-yə açıqlamasında kərküklü jurnalist, şair Şəmsəddin Küzəçi deyib. Son günlər İraqın şimalındakı vəziyyəti şərh edən jurnalist bildirib ki, türkmən bölgələrində vəziyyət ağır olaraq qalır.
“Orada yaşayan şiələrin vəziyyəti çox pisdir. Onlar Telaferdən çıxıb çox çətinliklə Ərbilə - kürd bölgəsinə gəlirlər. Oradan da Kərkük, Süleymaniyə üzərindən Kərbəlaya, Nəcəfə göndərirlər. Şiələri cənubda, yəni Bağdadın aşağısında, sünniləri mərkəzi bölgələrdə saxlamaq istəyirlər”.
Şəmsəddin Kuzəci bütün bu addımların böyük bir layihənin tərkib hissəsi olduğunu deyir.
“İŞİD terror təşkilatının İraqı işğal etməsi, ölkəni yenidən qurması, şiə-sünni qarşıdurması, adam öldürməsi aysberqin görünən tərəfidir. Amma əsl layihənin hədəfi İraqı 3 yerə bölmək, Ortadoğunun xəritəsini yenidən cızmaqdır. Bu planın başında duran bir nömrəli ölkə İsraildir, onun Ortadoğu layihələri, planlarıdır. O bölgədə, xüsusilə Şimal İraqda kürd federasiyasının qurulması İsrailin ana hədəflərindən biridir”.
İraqlı jurnalist ölkəsində yeni hökumət qurulduqdan sonra vəziyyətin düzələcəyinə çox ümidlidir. O, İŞİD terror təşkilatının da artıq zəiflədiyini deyir.
“Amerika, İngiltərə, Fransa, Almaniyanın müdaxiləsi, İraqın kürd bölgəsindəki yezidilərə yardım etməsi və İŞİD-ə qarşı PKK-nın da mübarizə aparması İŞİD-i bir qədər geri addım atmağa məcbur etdi. Ona görə də İŞİD irəliləməsini 2-3 gündür ki, dayandırıb. Amerikanın həm silah verməsi, həm də İraqa təkrar mütəxəssis hərbiçilər göndərməsi İŞİD-ə mənfi təsir etdi”.
Şəmsəddin Kuzəci deyir ki, türkmənlərin ən böyük problemlərindən birinin siyasi dəstəklərinin olmamasıdır.
“Türkiyə türkmənlərə insani, tibbi yardım edir. Kərkük də türk dünyasının önəmli bir parçasıdır. Sadəcə Türkiyə deyil, türk dünyasından dəstək istəyirik. Bizə türk dünyasından siyasi dəstək yoxdur. Bu bizim üçün çox vacibdir”.
Kərküklü jurnalist hesab edir ki, türk dünyasının dəstəyi olarsa, İrağın yenidən bölünməsi planında türkmənlərə də yer ayrılar.