Ukrayna ordusu Luqanskı tam mühasirəyə aldı, Donetskə gedən yol ordunun nəzarətindədir

Ukrayna ordusu Luqansk şəhərini tam mühasirəyə alıb. APA TV-nin məlumatına görə, ordu birləşmələri separatçıların Donetsk və Luqansk vilayətləri arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunu tam nəzarətə götürüblər. Bu barədə daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün "facebook" səhifəsində yazıb. O qeyd edib ki, separatçılar Donetsk, Luqansk, Qorlovka, İlovayskaya, Krasnıy Luç, Leninski, Uspenki rayonlarında sərt müqavimət göstərirlər. "Antiterror əməliyyatçıları tədricən Qarlovka ətrafında möhkəmlənməyə çalışırlar. Onlar separatçıların həmin ərazidə yerləşən kiçik qərargahlarından birini məhv ediblər", - deyə Şkiryak yazıb.

Həmçinin vacib strateji məntəqələrdən biri olan Novosvetlovka da separatçılardan azad edilib.
Ukrayna prezidenti Pyotr Poroşenko isə öz "Facebook" səhifəsində Donetsk vilayətində əsir götürülmüş 25 Ukrayna hərbçisinin azad edildiyini yazıb: “Avqustun 14-də biz Donetsk vilayətində saxlanılan 24 hərbçimizi azad etməyə nail olduq. Onlar artıq sabah öz ailələrini görə və sarıla biləcəklər".

Donetsk vilayətindəki Zuqres şəhəri isə ötən gün atəşə məruz qalıb. Vilayət səhiyyə departamentinin yaydığı məlumata görə, hadisə nəticəsində 15 nəfər ölüb. Onlardan 2-si uşaq olmaqla 14-ü hadisə yerində, bir uşaq isə xəstəxanada dünyasını dəyişib. 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müəllif | Apa.Tv
Apa.tv