Cavad Heyətin xanımı: “Təbriz qismət olmadı deyə, Bakıda dəfn etdik”

Görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas Cavad Heyətlə vida mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, tanınmış elm və ictimaiyyət nümayəndələri, o cümlədən multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AYB sədri Anar Rzayev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, akademik Teymur Kərimli iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə qeyd edib ki, Cavad Heyətin Azərbaycanı və azərbaycanlıları dünyada tanıtmaqda böyük xidmətləri var.

“Onun adı dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar üçün həmişə əziz olub. Alim, cərrah və ziyalı olaraq Azərbaycan xalqının nümayəndəsi kimi tanınıb. Belə bir insanı itirmək çox ağırdır”.

Millət vəkili Nizami Cəfərov isə deyib ki, akademik Cavad Heyət Azərbaycan ədəbiyyatına və dilçiliyinə xüsusi bir töhvə verib.

Mərhumun həyat yoldaşı Fəridə Heyət bildirib ki, Cavad Heyət kimi insan hər ölkənin fəxridir. Məhz Cavad Heyət vəsiyyətində Bakıda dəfn olunmasını istəyib: “Onun vəsiyyəti həm Təbriz, həm də Bakı idi. Əvvəl Təbriz, olmasa, Bakı... Təbriz qismət olmadı, Bakıda dəfn olunacaq”.
Qeyd edək ki, Cavad Heyət avqustun 12-də səhər saatlarında 89 yaşında dünyasını dəyişib. O II Fəxri Xiyabanda torpağa tapşırılıb.
 

Müəllif | Apa.Tv