Bakıda şadlıq evində partlayış: 2 yaralı
Bakıda şadlıq evində partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonunda, “Sultan” restoranında qeydə alınıb. Restoranın mətbəxində məişət qaz balonunun partlaması nəticəsində iki nəfər xəsarət alıb, restoranın fəaliyyəti müvəqqəti dayandırılıb.
Yaralılar Əziz Əliyev adına Azərbaycvan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq bölməsinə yerləşdiriliblər. Restoranın kababçısı, 52 yaşlı Əhmədov Əlif Nuru oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Ona bədəninin müxtəlif sahələrinin II-III dərəcəli termiki yanıqları diaqnozu qoyulub. Əlif Əhmədovun bədəninin təxminən 40 faizi yanıb.
Restoranın rəhbərliyi jurnalistləri hadisə yerinə buraxmayıb və partlayışın baş verdiyini təkzib edib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb.
Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.