Heyvanlar arasında qorxulu xəstəlik ölkəboyu yayılır

Azərbaycanın cənub bölgəsində mal-qara arasında yayılan xəstəliyin arealı böyüyür. Xəstəliyə Samux rayonunda da rast gəlinib.

 

Samux rayonunun 1200 nəfərdən çox əhalisi olan və təsərrüfatlarında 1000 başdan artıq mal-qara saxlanılan Yenikənd kəndində əsasən iribuynuzlu mal-qara arasında son bir ay ərzində yayılan xəstəlik hazırda sakinləri narahat edən  əsas problemdir. Mənşəyi tam aydın olmayan bu xəstəliyə yoluxan inəklərin əvvəlcə bədənində iri suluqlu səpkilər əmələ gəlir, heyvanların ağzından su gəlir, onlar  iştahadan tam kəsilir və qısa müddət ərzində bir dəri, bir sümük qalırlar. Yerli sakinlərin dediyinə görə, kənddə artıq bir neçə inək bu xəstəlikdən tələf olub.

 

Kənd camaatı qısa müddət ərzində onların təsərrüfatı üçün ciddi təhlükəyə çevrilən bu ağır xəstəliyin yayılmasından narahatdırlar və aidiyyatı  qurumların təcili tədbirlər görməsini istəyirlər.

 

Kənddə son günlər epizootik durumun  kəskinləşməsi ilə bağlı baytarlıq qurumları müəyyən tədbirlər həyata keçirərək, mal-qaraya əsasən antibiotik preparatlar tətbiq etsələr də,  görünür daha ciddi təbirlərin həyata keçirilməsinə ehtiyac var. Elə yerli baytarlıq idarəsi də mənşəyi qeyri-müəyyən olan bu xəstəliklə  mübarizə üçün gücləndirilmiş iş rejiminə keçib

 

Baytar mütəxəssislərin bildirdiyinə görə, bu növ heyvan xəstəliklərinin birbaşa insan  orqanizmininə yoluxması mümkün deyil.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli