Qəbələdə olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışları başlayır

Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarının rəsmi açılış mərasimi keçirilib.

 

APA TV-nin rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danşıblar.

 

“Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov deyib ki, yarışın ümumi mükafat fondu 81 000 ABŞ dollarıdır.

 

Tədbirdə qeyd edilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir.

 

“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışları avqustun 21-dək keçiriləcək. Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edir.

 

Açılış mərasiminin rəsmi hissəsinsən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. Sonda atəşfəşanlıq olub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov