Xaçmazda maşın dərəyə aşdı: sürücü öldü, həyat yoldaşının vəziyyəti ağırdır
Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 13-cü km-də, rayonun Yaqubova kəndi ərazində qeydə alınıb. Bakı şəhər sakini, 64 yaşlı Şıxəmmədov Mahmud Şıxməmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində sürücü dünyasını dəyişib. Maşında olan sərnişin, sürücünün həyat yoldaşı 61 yaşlı Şıxəmmədova İmarə Murad qızı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.