İŞİD İraqda 80 yezidini öldürdü, 100 qadını oğurladı
İŞİD terrorçuları İraqın şimalında 80 yezidi kürdü amansızcasına qətlə yetirib, 100 qadını oğurlayıblar. APA TV-nin məlumatına görə, oğurlanmış qadınlar İŞİD-in nəzarətində olan Mosul və Telafer şəhərlərinə gətirilib. Qadınların burada hərrac yolu ilə satışa çıxarılacağı gözlənilir.
Ermənistan hökuməti İŞİD tərəfindən təqib olunan İraq yezidilərinə 50 min dollar humanitar yardım göndərmək qərarına gəlib. Hökumət Ermənistanda yaşayan yezid icmasının kollektiv müraciətinə cavab olaraq bu addımı atıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, hazırda yardımın çatdırılması istiqamətində danışıqlar aparılır. Onun sözlərinə görə, yükün çatdırılması ilə bağlı ciddi çətinliklərin olduğunu nəzərə alaraq, yardım, böyük ehtimalla, beynəlxalq təşkilat vasitəsi ilə yola salınacaq.
Qeyd edək ki, avqustun 14-də Ermənistanda yüzlərlə yezid BMT-nin İrəvandakı nümayəndəliyi qarşısında mitinq keçirərək İraqın şimalındakı həmvətənlilərinin müdafiə məqsədilə silahla təmin olunmasını tələb ediblər. Aksiya iştirakçıları hesab edirlər ki, yardım İraq hakimiyyətinə yox, birbaşa yezidlərə çatdırılmalıdır.