Sumqayıtda iki aylıq körpəni oğurlayan qadının foto-robotu hazırlanır
Ötən gün Sumqayıtda parkdan iki aylıq körpəni oğurlandığı ehtimal edilən qadının foto-robotu hazırlanır. Bu barədə APA Tv-yə Sumqayıt şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsindən məlumat verilib. Polisdən bildirilib ki ,zəruri istintaq hərəkətləri aparılsa da, uşağı oğurlayan qadının şəxsiyyəti hələlik müəyyən edilməyib. Qadının müşahidə kameralarında görüntüsü olsa da, üz cizgiləri tam bilinmədiyindən, onun şəxsiyyətini müəyyənləşdirməkdə problemlər yaranıb. Zərərçəkən Aysel Əhmədovanın ifadəsi əsasında hazırlanan foto-robot bütün rayon polis idarələrinə və bölmələrinə göndəriləcək. Qeyd edək ki, avqustun 13-də naməlum qadın Aysel Əhmədovanın yaşadığı Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanına gələrək 3 uşaq anasına kömək etmək istədiyini deyib. Aysel Əhmədova ilə ərzaq dükanına gedən qadın sonra ona parkda gəzməyi təklif edib. Naməlum qadın parkda münasib şərait yaranan kimi uşağı və qadına məxsus əl çantasını götürərək hadisə yerindən uzaqlaşıb. Hazırda qadının axtarışı davam edir.