Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, əsgər valideynlərinin, ictimaiyyət nümayəndələrinin, sərhədçi veteranların iştirakı ilə keçən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra gənc sərhədçilər hərbi andı qəbul edərək Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına sədaqət andı içiblər.
Daha sonra çıxış edən Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik Zaur Zeynalov Sərhəd Qoşunlarının keçdiyi 95 illik şərəfli yoldan söz açaraq, hərbi andı qəbul edən gənc əsgərlərə tövsiyələrini verib.
Tədbirdə DSX-nın rəisi, general-polkovnik Elçin Quliyevin gənc əsgərlərə ünvanladığı təbrik məktubunun mətni oxunub.
Əsgər valideynləri çıxışlarında övladlarının Vətənə xidmət etmələrindən qürur hissi keçirdiklərini dilə gətirərək, onlara sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Tədbir şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.