Rəsul Həmzətov güllələnib
Vladiqafqazda ötən gecə Şimali Osetiya müftisinin müavini Rəsul Həmzətov güllələnib. APA TV-nin məlumatına görə, o, avtomobilindən düşüb evinə tərəf gedərkən boynunun arxasından aldığı güllə yarası ilə hadisə yerində keçinib. Cinayətkar dərhal hadisə yerindən qaçıb. Şimali Osetiyanın hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, faktla bağlı qəsdən adam öldürmə və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi başlanıb. Hadisə yerində əməliyyatçılar işləyir, lakin hələ ki, cinayətkarın izinə düşmək mümkün olmayıb. Xatırladaq ki, Şimali Osetiya müftisinin əvvəlki müavini İbrahim Dudarov da naməlum şəxslər tərəfindən güllələnib. 2012-ci ilin dekabrından baş vermiş bu cinayətin hələ də üstü açılmayıb.