DSX rəisinin müavini: “Qaçaqmalçılıq və qeyri-leqal miqrasiyaya qarşı daim mübarizə gedir”

Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 95 ili tamam olur. APA TV-nin məlumatına görə, bu münasibətlə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib. DSX rəhbərliyi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanında Əbədi məşəl kompleksinin önünə əklil qoyulub. DSX əməkdaşları həmçinin Fəxri Xiyabanda tanınmış oftalmoloq Zərifə Əliyevanın, Şəhidlər Xiyabanında Sərhəd Qoşunlarının sıralarında döyüşlərdə iştirak etmiş Milli Qəhrəman Eldar Məmmədovun məzarını ziyarət ediblər.

Jurnalistlərin suallarını cavablandıran DSX-nın rəis müavini Azad Ələkbərov dövlət sərhəd xidmətinin ən yeni müasir avadanlıqlarla təchiz olunduğunu, yeni sərhəd məntəqələrinin inşa olunduğunu, Xəzərdə dövlət sərhədinin mühafizəsi üçün böyük işlər görüldüyünü deyib: “Qaçaqmalçılıq, qeyri-leqal miqrasiya kimi hallara qarşı daim mübarizə gedir. Sərhədçilərimiz dövlət sərhədlərimizi etibarlı müdafiə edirlər”.

Qeyd edək ki, 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Bu qanunun qəbulundan sonra sərhəd mühafizəsinin təşkili ilə bağlı əsas vəzifələr Maliyyə Nazirliyinə həvalə olunub.
 

Müəllif | Apa.Tv