Tovuzda polis əməkdaşının evinə basqın olub

Tovuz rayon sakini qudasının evinə basqın edib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Tovuz rayon mərkəzində baş verib. Qızını Rasim Qafarovun oğluna verən Fəxrəddin Ələkbərov sonradan bu izdivaca razılaşmayaraq qudasının evinə hücum edib. Ev sahibinin sözlərinə görə, sərxoş halda həyətə daxil olan Fəxrəddin Ələkbərov qarşısına keçən əşyaları sındırıb, həyətdə dayanan iki avtomobilə zərər yetirib. Toyda olan Rasim Qafarov evinə çatanda həyətinin alt-üst olduğunu görüb. Hadisə yerinə gələn polis Fəxrəddin Ələkbərovu zərərsizləşdirib. Zərərçəkən Rasim Qafarov bildirib ki, oğlu hərbi xidmətə yollanmazdan əvvəl Fəxrəddin Ələkbərovun qızı ilə nişanlanıb. Bir neçə ay keçdikdən sonra isə qız atası bu qohumluğun alınmayacağını bildirib. Qeyd edək ki, evi, əşyaları yararsız hala salınan Rasim Qafarov Tovuz Polis şöbəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli