Tibb Universitetinin ərazisində silah-sursat aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu Mərdanov qardaşları, 131 ünvanında Azərbaycan Tibb Universitetinin (ATU) ərazisindəki zibilxanadan döyüş sursatı aşkarlanıb. APA TV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə müdiri Əflatun Səlimovun sözlərinə görə, nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər: “Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd “RQD-42” əl qumbarası, 1 ədəd detonasiya qaytanı, 200 ədəd trotil şaşkasıdır. Aşkarlanmış sursatlar aidiyyəti üzrə təhvil verilib”.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər şübhəli əşya aşkar etməyiblər.