İstirahət zonalarında sürücülərlə bağlı reydlər başladı
Həftəsonu Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran istirahət zonasında reyd keçirib. APA TV-nin şimal bürosunun verdiyi xəbərə görə, reyd zamanı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Reydə Baş Dövlət Yol Polisi İdarəsinin və Xaçmaz rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları da cəlb olunub. Reyd öncə Xudat şəhəri ərazisində, daha sonra isə Nabran İstirahət Zonasının müxtəlif ərazilərində keçirilib.
Daha çox qayda pozuntuları gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyənləşdirmək məqsədilə onlar həkim müayinəsindən keçirilib.
Reyd zamanı ümumilikdə 48 nəfər qayda pozan sürücü saxlanılıb ki, onların da 7 nəfəri avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərdir. Bu kimi reydlərin keçirilməsində əsas məqsəd sərxoş sürücülərin yarada biləcəyi qəzaların qarşısını almaqdır. Belə reydlərin növbəti həftələrdə də keçirilməsi planlaşdırılır.