Separatçılar məcburi köçkünlərin maşın karvanını “Qrad”la vurub
Ukraynanın Luqansk şəhəri yaxınlığında separatçılar dinc sakinləri əməliyyat zonasından çıxarmağa çalışan maşın karvanını “Qrad” qurğularından atəşə tutub, nəticədə onlarla insan həlak olub.
APA TV-nin “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko deyib.
Onun sözlərinə görə, ölənlərin sayı onlarladır. “Avtomobil karvanı 2 hissədən ibarət olub – birində böyüklər, digərində isə uşaqlar hərəkət edib. Karvan ağ bayraqlarla hərəkət edib və avtomobillərin üzərində məcburi köçkünlərin daşınmasını bildirən xüsusi nişanlar da olub. Buna baxmayaraq, karvana “Qrad” reaktiv yaylım atəş sistemlərindən zərbələr endirilib”, deyə Lısenko qeyd edib.
MTMŞ-nın sözçüsü əlavə edib ki, hələlik qurbanların dəqiq sayını müəyyən etmək qeyri mümkündür.