Qəbələdə nadir tapıntı! Antik dövrə aid qəbiristanlıq aşkarlandı!

Qədim Qəbələ ərazisində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri zamanı antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib. APA TV-nin məlumatına görə, tədqiqatlar Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən keçirilir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu günlərdə Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkarlayıblar. Qəbiristanlıqda olan məzarların ən az 1800-1900 yaşı olduğu güman edilir. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir aşkarlanıb.

Qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Diqqət çəkən məqamlardan biri ölmüş insanın bükülü vəziyyətdə məzara qoyularaq ətrafına 40 saxsı qabın düzülməsidir. Qablarla yanaşı, qəbirə dörd bütöv qoç qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunur. Ehtimal ki, bu, varlı təbəqəni təmsil edən mərhumun xidmətçisinin skeletidir. Qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti aşkarlanıb. Qəbiristanlıqda aparılan arxeoloji tədqiqatların nəticələri və aşkar edilən qəbirlər olduğu kimi Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdiriləcək.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov