Ağdamda 11-ci yüzilliyə dair nekropol tapılıb

Ağdamın Yuxarı Yüzbaşılı kəndində eramızdan əvvəl 11-12-ci yüzilliyə aid nekropol aşkarlanıb. Altı qəbirdən ibarət olan abidədə həmin dövrün mədəniyyətini öyrənməyə imkan verən mədəniyyət nümunələri var. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, qədim məzarlıq nadir tapıntı hesab oluna bilər. Arxeoloji kəşfiyyat zamanı müəyyən edilib ki, ərazidə yerüstü əlamətlərə malik olmayan qədim qəbiristanlıq mövcuddur. Qəbirlərin coğrafiyasına görə və tapılan nümunələrə əsasən, buranın qədim və inkişaf eləmiş yaşayış məntəqəsi olduğunu söyləmək mümkündür.


Professor Hidayət Cəfərov vaxtı ilə buranın palıdlıq meşə olduğunu deyir: “Yuxarıda dəyirman, aşağıda isə çay axıb. Burada çox intensiv həyat olub. Arxa planda bizdə Şomulu təpə, Çardaxlı təpə, Küllük təpə kimi tanınan qədim yaşayış məskənləridir. Bu yaşayış yerinin üst təbəqəsinin sonuncu Tunc dövrünün nekropoludur".

Professor deyib ki, bu tapıntılar həmin dövrün adət ənənələrini, yaşayış tərzini daha yaxından öyrənməyə imkan verir. Artıq 5 ilə yaxındır ki, ərazinin müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı nəinki Azərbaycan tarixi, hətta dünya elmi üçün dəyərli tapıntılar əldə olunub. Mütəxəssislər hesab edirlər ki, yaxınlıqda çox böyük bir akropol-şəhər tipli yaşayış məskəninin qalıqları da mövcuddur. Bu istiqamətdə araşdırmalar yaxın gələcəkdə davam etdiriləcək.
 

Müəllif | Apa.Tv