Diyarbəkirdə PKK terrorçusunun heykəli uçuruldu, bölgədə gərginlik davam edir

Diyarbəkirin Lice qəsəbəsində PKK terrorçularının dəfn olunduğu məzarlıqda ucaldılmış Mahsum Qorxmaz heykəli məhkəmə qərarı ilə uçurulub. APA TV-nin məlumatına görə, dörd gün əvvəl ucaldılan heykəlin uçurulmasına Diyarbəkir Cümhuriyyət Prokurorluğunun tələbi əsasında Lice ağır cinayətlər məhkəməsi qərar verib. Məhkəmənin qərarı icra olunmasına mane olmaq istəyən yerli sakinlər məzarlığa toplaşıblar. Sakinlərdən bəziləri əraziyə gələn təhlükəsizlik qüvvələrinə atəş açıblar. Cavab atəşinin açılması ilə tərəflər arasında toqquşma baş verib. Toqquşmalarda bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qeyd edək ki, Lice qəsəbəsinin Yolaçtı kəndində ötən il hökumət qüvvələri ilə atışmalarda öldürülən PKK terrorçuları üçün məzarlıq salınıb. PKK terror təşkilatının Hakkarinin Şəmdinli və Siirtin Eruh qəsəbələrində gerçəkləşdirdiyi ilk terror aksiyalarının ildönümündə bu məzarlıqda Mahsum Qorxmazın heykəli ucaldılıb. Mahsum Qorxmaz qeyd olunan aksiyalarda iştirak edən terrorçulardan biridir.

Müəllif | Apa.Tv
Apa.tv