Uçqundan uçquna davam edən həyat - XÜSUSİ REPORTAJ

Bəlkə də hansısa səhər onlar üçün faciə ilə açılacaq... Sığındıqları komanın bir hissəsində bir dəfə baş verən uçqundan salamat çıxa biliblər... Elə indi də uçmağa doğru gedən kərpic tikili Ağdamın Mərzili kəndindən köçkün düşən Hacıyevlər ailəsinin yuxusuna haram qatıb. İllərin məşəqqətindən yorğun çıxan ailə uçub-tökülməkdə olan evlərindən baş alıb getməyə ünvan tapa bilmirlər. Tapdıqları ünvanlarda isə ümidləri puça çıxır həmişə...

1993-cü ildə Ağdamın Mərzili kəndi işğal olunanda Hacıyevlər ailəsi köçkün kimi Ağcabədi rayonunun Şahsevən kəndində məskunlaşır. Üç otaqdan ibarət çiy kərpic bina inşa edən ailə getdikcə böyüyür. Amma buna rəğmən tikili bir neçə il əvvəl qəfildən çöküb. Heç nəyə imkanı çatmayan ailə başçısı Tahir Hacıyev kömək üçün Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Ağcabədi nümayəndəliyinə üz tutur.

Uzun müddət ümidlənən ailənin bütün gözləntiləri puça çıxır. Məlum olur ki, onlara deyilən ünvanda mənzil verilməsi hansısa səbəbdən mümkün olmayacaq. Komanın gündən günə dağıldığını görən Tahir Hacıyev yenidən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yerli şöbəsinə üz tutmağa məcbur olur.

Daha sonra müvafiq qurumlara yenidən edilən müraciətlər sadəcə ənənəvi cavablarla ailənin üstünə qayıdır. 5 nəfərlik Hacıyevlər ailəsi indi ayda aldığı cəmi 54 manat civarındakı çörəkpulunun ümidinə qalıb. Ailənin 8 yaşlı bir üzvü beyin iflici keçirib. Onun müalicəsi isə yaxın qohumların birgə yardımı və əlliliyə görə verilən müavinət hesabına baş tutur. Tahir Sadıqovun ümidlidir ki, bəlkə bu dəfə səsi eşidildi.
 

Müəllif | Apa.Tv