Lənkəranda zəncirvari qəza: 3 maşın yararsız vəziyyətə düşdü
Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 205-ci kilometrliyində, yolun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakinləri - 23 yaşlı Elçin Vəlizadənin idarə etdiyi “VAZ-2107”, 20 yaşlı Rahim İsmayılzadənin idarə etdiyi “VAZ-2106” və 31 yaşlı Teymur Əzimovun idarə etdiyi “Mersedes” markalı minik avtomobilləri toqquşaraq zəncirvari qəza törədiblər.
Xoşbəxtlikdən qəza zamanı sürücü və sərnişinlərdən ciddi xəsarət alan olmasa da, hər 3 avtomaşın yararsız hala düşüb.
İlkin versiya kimi qəzanın “VAZ-2107”-nin sürücüsünün düzgün manevr etməməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.