Ukrayna sabiq hökumət üzvlərinin İsveçrə banklarındakı pullarını geri qaytarmaq istəyir

Ukrayna hökuməti sabiq prezident Viktor Yanukoviçin ətrafının İsveçrə banklarındakı aktivlərini qaytarmaq üçün bu ölkəyə rəsmi müraciət edib. APA TV-nin məlumatına görə, İsveçrə Ədliyyə Departamenti Ukrayna hökumətindən bu məsələ ilə bağlı üç rəsmi sorğunun daxil olduğunu açıqlayıb. Lakin rəsmi Kiyev yalnız Yanukoviçin ətrafının bank aktivlərin qaytarmağı tələb edir, sabiq prezidentlə bağlı İsveçrə hökumətinə sorğu göndərilməyib.

Xatırladaq ki, İsveçrə hökuməti sabiq prezident Viktor Yanukoviçin, oğlu Aleksandr Yanukoviçin, Sergey Arbuzovun, Nikolay Azarovun və hökumətin digər 16 sabiq üzvünün bank hesablarını dondurub. Cenevrə prokurorluğu isə Viktor Yanukoviç haqqında çirkli pulların yuyulması ittihamı ilə cinayət işi başlayıb. Bununla əlaqədar sabiq prezidentin oğlunun Cenevrədəki ofisində axtarış aparılıb, sənədlər müsadirə olunub.

İsveçrə Federal Prokurorluğu Yanukoviç və yaxın ətrafının bu ölkənin banklarındakı 200 milyon dollar vəsaitinin dondurulduğunu təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv