Ukraynada döyüşlər gedən bölgəni 416 min insan tərk edib - BMT
Donetsk və Luqansk vilayətlərindən 416 min əhali antiterror əməliyyat qüvvələri ilə separatçılar arasında baş verən döyüşlərdən can qurtarmaq üçün evlərini tərk edib. Bu barədə BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığının məlumatında deyilir. Məlumatda qeyd olunur ki, onlardan 190 minə qədəri Ukraynanın başqa bölgələrinə, 197 mindən çoxu Rusiyaya, 14 mindən çoxu Polşaya və təxminən 14 mini Belarusa yerləşiblər. "Qaçqınların sayı bundan da çox ola bilər. Çünki onlarla bağlı mərkəzləşdirilmiş qeydiyyat sistemi yoxdur. Onların arasında da qeydiyyatdan keçməyənlər var. Rusiyaya gedənlərdən yalnız 78 mini qaçqın statusu almaqla bağlı müraciət edib",- deyə məlumatda bildirilir.
Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası da Ukraynanın şərqində gedən antiterror əməliyyatları səbəbindən təxminən 100 min dinc əhalinin, o cümlədən 34 min uşağın Ukraynanın başqa ərazilərinə yerləşdirildiyi barədə məlumat vermişdi.