Azərbaycanda daha 104 əlil avtomobillə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin əvvəlinədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərinə "Naz-Lifan" markalı minik avtomobili təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, onlardan 41 nəfəri Böyük Vətən müharibəsi, 48 nəfəri hərbi xidmət, 15 nəfəri Çernobıl AES əlilidir. Bununla da bu kateqoriyadan minik avtomobili ilə təmin olunan əlillərin sayı 727 nəfərə çatıb: "2014-ci ilə qədər son beş il ərzində bu kateqoriyadan olan insanlara 1622 ədəd avtomobil paylanıb. Cari ildə qısa müddət ərzində möhtərəm prezidentimizin diqqəti sahəsində, nazir Səlim Müslümovun təşəbbüsü nəticəsində 4 ay ərzində son beş ildəki qədər avtomobillər öz sahiblərinə verilib”.

O, qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, cari ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən 1404 nəfəri minik avtomobili ilə təmin edilib. Xatırladaq ki, əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı nazirliyin rəsmi internet saytının “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə təqdim olunan növbəlilik siyahısı əsasında, tam şəffaflıq şəraitində həyata keçirilir.
 

Müəllif | Apa.Tv