Nazirdən həyəcan siqnalı: “Qlobal iqlim dəyişikliyinə hazır olmalıyıq”
"Təəssüflə deyə bilərəm ki, bu il ölkə ərazisində quraqlıq olması ilə bağlı verilən proqnozlar özünü doğruldur". APA TV-nin məlumatına görə, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Onun sözlərinə görə, fevral və mart aylarında dağlarda qarın həcmi ölçülüb. Bu zaman məlum olub ki, dağlarda qarın həcmi ötən illərlə müqayisədə normadan azdır. Bu isə yay və payız aylarında yağıntının az olmasına və çaylarda su ehtiyatının azalmasına səbəb olub.
"Hər yerdə quraqlıq hiss olunur. Biz qlobal iqlim dəyişmələrinə hazır olmalıyıq. Bəzi illərdə kəskin istiləşmə, bəzi illərdə isə qarın və yağışın normadan çox olması gözlənilir. Bütün bunlara hazır olmaq üçün ciddi tədbirlər görülməlidir".
Hüseyn Bağırov onu da bildirib ki, artıq bununla bağlı nazirlik tərəfindən raport hazırlanaraq Nazirlər Kabinetinə, Dövlət Meliorasiya və Su Təsərrüfatı idarəsinə, Fövqəladə Hallar Nazirliyinə, "Azərsu"ya məlumat verilib.
Son günlər meşə massivlərində baş verən yanğınların səbəbinə aydınlıq gətirən nazir deyib ki, bu ilki yanğınların quraqlıqla heç bir əlaqəsi yoxdur.
"İlk dəfədir Azərbaycanda bir mövsümdə 8-9 yerdə yanğın baş verdi. Yanğınların böyük əksəriyyəti meşələrdə deyil, tarlalarda, zəmilərdə qeydə alındı. Məhsul yığılandan sonra insanlar zəmiləri yandırır. Bəzi yerlərdə kömür yandırmağa cəhd edirlər. Küləkli havada isə bütün bunlar yanğınların miqyasının artmasına səbəb olur".
Qeyd edək ki, son bir ayda Lerik-Yardımlı zonasında 7 kömür yandırma faktı aşkar edilib.