Masallıda torpaq uçqunu zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Masallıda torpaq uçqunu baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Dadva məhəlləsi ərazisində qeydə alınıb. Kanalizasiya xətti çəkilən zaman qazıntı işləri aparılarkən torpaq sürüşməsi baş verib. Nəticədə orada işləyən fəhlələrdən Masallı rayon sakini Müsəddiq İsmət oğlu Novruzov torpaq uçqunu altında qalaraq dünyasını dəyişib. Uçqun altında qalan daha bir fəhlə - Göyçay rayon sakini, 23 yaşlı Ramin Vəkil oğlu Seyidov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin və Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının operativ müdaxiləsi sayəsində təhlükəsizlik qaydalarına riayət edilməklə ölən və yaralanan fəhlələr torpaq uçqunu altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş Ramin Seyidova müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
 

Müəllif | Apa.Tv