Balakən sakini bıçaqlanıb

Balakəndə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, dünən axşam saat 21:10 radələrində rayonun İtitala kənd sakini, 1962-ci il təvəllüdlü İsrafil Mehralı oğlu Umaxanov mədəsindən bıçaq xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İsrafil Umaxanovun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun İtitala kəndi ərazisində baş verib. İsrafil Umaxanovla həmkəndlisi, 1968-ci il təvəllüdlü Alim Ramazan oğlu Mahamayev şəxsi münasibətlər zəminində mübahisə ediblər. Sərxoş vəziyyətdə olan Alim Mahamayev üzərində olan bıçaqla İsrafil Umaxanova xəsarət yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən Alim Mahamayev saxlanılıb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv