Gədəbəydə qeyri-adi hadisə: 254 qoyun qayalıqdan dərəyə tullandı

Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə tələf olub. Yaylaqda otlayan sürüdən düz 254 qoyun bur-birinin ardınca qayalıqdan dərəyə tullanıb.

 

Gədəbəy rayonunun Dəyirmandağı kəndinin sakinləri olan yeznə və qayının qoyun sürüsü Alınçalı yaylağı adlanan ərazidə otlayırmış. Sürüyə isə onların 12 və 14 yaşlarında iki oğlu nəzarət edirmiş. Bu zaman qəfil başlayan güclü külək leysan yağışa çevrilib. Uşaqların sözlərinə görə, həmin vaxt uçurumun kənarında olan qoyunlardan biri küləyin təsiri ilə qayalıqdan dərəyə yuvarlanıb. Daha sonra isə digər qoyunlar onun ardınca dərəyə tullanıb.

 

Hadisə baş verərəkən qoyunların qarşısını almağa çalışan yeniyetmə də dərəyə yıxılmaqdan son anda ağaclardan tutaraq xilas ola bilib. Dərəyə düşən 254 qoyundan yalnız qayalığın yuxarı hissəsindəki 4-ü sağ qalıb. Ölən 250  qoyun isə sahiblərinə ciddi maddi ziyan vurub.

 

Gədəbəy RİH-nin Fövqəladə hallar komissiyasında təsərrüfat sahiblərinə deyilib ki, heyvanlar sığorta olunmadığından onlara heç bir kompensasiya ödənməyəcək. Heyvanların sahibləri isə deyir ki, hadisə hava şəraiti ilə əlaqədar baş verdiyindən təbii fəlakət kimi qiymətləndirilə və onlara dəyən zərər qismən də olsa, ödənilə bilər. Onlar bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədirlər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli