“Neftçi” Belqradda avtoqollarla məğlub oldu

Tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamağa yaxın olan “Neftçi” təsnifat mərhələsində son səfər oyununu keçirib. Azərbaycan kubokunun qalibi Serbiyada yerli “Partizan”ın qonağı olub.

 

Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl uduzmadığı Belqraddan yenə müsbət nəticə ilə dönməyə yaxın olsa da, bunu bacarmayıblar. Düzdür, “ağ-qaralar” matça yaxşı başlayıblar. Onlar Denis Silvanın dublu ilə 2:0 hesabı ilə önə də keçiblər.

 

Lakin sonradan oyunun axarı dəyişib. “Neftçi”ni sevindirən Silva növbəti qolunu öz qapısına vurub. Ardınca Petar Qrbiç oyunda status-kvonu bərpa edib.

 

İkinci hissə isə rəqibin üstünlüyü şəraitində keçib. “Partizan” üçün  qələbə topu da “Neftçi”dən gəlib. Bu dəfə Elvin Yunuszadə “məharətini” göstərib.

 

Lakin Belqradda 2 qol vuran komandamızın qrupa düşmək şansı yüksəkdir. Cari mövsüm avrokuboklardakı səfər matçlarında uğurlu seriyası qırılan paytaxt təmsilçisi bunun üçün cavab oyununda rəqibini məğlub etməlidir.

 

Azərbaycan çempionu “Qarabağ” isə qitənin ikinci dərəcəli klub turnirində birinci matçına Bakıda çıxıb.

 

Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə qarşılaşıb. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayan Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışsalar da, qrup mərhələsinə yüksələcək komandanın adına 1 həftə sonra səfərdə aydınlıq gələcək. İlk oyunda qolsuz bərabərlik qeydə alınıb.

 

Müəllif | Apa.Tv