Kaliforniya tarixinin ən böyük dələduzluğuna imza atan Larisa Ovsepyana hökm oxunub
Kaliforniyada tibbi sığorta sistemində dələduzluq sxemi quraraq külli miqdarda vəsaiti mənimsəyən ermənilərdən ibarət cinayətkar qruplaşmanın rəhbərinə hökm oxunub. APA TV-nin məlumatına görə, 33 yaşlı Larisa Ovsepyan 8 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa o “Medicare” və “Medi-Cal” sistemlərinə 9 milyon dollar ödəməyə məhkum edilib.
Ermənilərdən ibarət qruplaşmanın əl atdığı üsul Cənubi Kaliforniya tarixində ən böyük dələduzluq faktı hesab olunur. Klinikanın sahibi və meneceri olan Ovsepyan dələduzluq yolu ilə həkim Kennet Consona bahalı antipsixotik dərmanlar yazdırıb, o dərmanları sistemdən çıxaraq qara bazarda satdırıb və bu dərmanlardan istifadəyə görə dövlətdən əlavə vəsait alıb. Fırıldaq 2009-2011-ci illərdə gerçəkləşdirilib. Bu müddət ərzində “Medicare” və “Medi-Cal” şirkətləri 20 milyon dollarlıq ödəniş sorğusu alıb və faktiki olaraq 9,1 milyon dollar pul ödəyiblər. Keçirilən məhkəmə prosesində 16 nəfər mühakimə olunub, onlar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.