Azərbaycan 5 nəfərlik erməni ailəsi və erməni meyitini Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişməyi təklif edib
"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin erməni girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklif edib". Bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Onun sözlərinə görə, məsələ daim Azərbaycan hökumətinin diqqətindədir.
"Beynəlxalq Qızıl Xaç Komitəsi dünən bizə izah edirdi ki, onlar meyiti ancaq dəyişə bilərlər və girovları vermək istəmirlər. Biz isə bildirdik ki, biz kompleks şəklində dəyişdirmək istəyirik”.
Baş nazirin müavini onu da əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşündə quruma mövqeyi ilə bağlı sərt etirazını da bildirib.
"Siz nə vaxt Azərbaycan hökumətinə müraciət edirsiniz, hansı əsir barədə hansı məlumat almaq istəyirsinizsə, biz dərhal onu təmin edirik. Ancaq Ermənistan tərəfi bu müraciətləri təmin etmir. Nə üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin baş qərargahı bu barədə dünya ictimaiyyətini məlumatlandırmır?"
O, qeyd edib ki, Azərbaycanın təklifi hələ də qüvvədədir və qarşı tərəfdən cavab gözləyir.