Sektor müdiri: “Əmək müqavilələri qeydiyyatdan keçməsə...”

"Yeni qaydalara əsasən elektron informasiya sistemində qeydiyyatdan keçməyən əmək müqavilələri ilə işləyənlər qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlar hesab ediləcək". Bu açıqlamanı jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Tərlan Mürsəlov verib. Onun sözlərinə görə, ölkəmizin əmək qanunvericiliyinə edilən dəyişikliyə əsasən, işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələri, eləcə də bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi yalnız müvafiq bildiriş formalarında elektron informasiya sistemində qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Nazirlik rəsmisi deyir ki, ölkəmizin Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrindən biridir.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədilə növbəti “Açıq qapı” günü-vətəndaş forumu keçirib. Forumda paytaxtın Xətai və Suraxanı rayonlarının 150 dən çox işəgötürənləri iştirakı edib.

 

Müəllif | Apa.Tv