“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsi, Prezident Administrasiyası, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin üzvləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri başçıları iştirak ediblər. Öncə Dövlət Komitəsinin həyətində Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərə həsr edilmiş foto stendlərə baxış keçirilib.

Daha sonra tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənətimizin inkişafı sahəsində fəaliyyəti, Fondun qaçqın və məcburi köçkünlərə qayğısı istiqamətində gördüyü işlərdən danışıb. Əli Həsənov bildirib ki, dövlət başçısı ilə bərabər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. O, qeyd edib ki, Soçi görüşündə prezident İlham Əliyevin Serj Sərkisyanı erməni faşisti adlandırması göstərdi ki, dövlət başçısı yalnız xalqa arxalanır.

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Heydər Əliyev Fondunun fəaliyyətinin onları da fəaliyyətlərində məsuliyyətli olmağa sövq etdiyini vurğulayıb. Daha sonra çıxış edənlər Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıb.

Müəllif | Apa.Tv
Apa.tv